BÜTÜN BORCLAR ÖDƏNİLİR- “Xəzər Lənkəran” qayıdır

 Xəzər Lənkəran”. 2004-cü ildə  gələn futbol dalğasının əsası idi. Həm azarkeşi, həm stadionu, həm maliyyəsi, həm də Azərbaycan futbolundakı mövqeyi ilə nümunə idi. 
Düzdür, yeyintilər və digər səbəblərdən klubun adı bir neçə dəfə böyük qalmaqallarda hallandı. Amma istənilən halda, işbazların, öz mənfəətlərini güdənlərin oyunu “Xəzər Lənkəran” adını tarixdən silə bilməz. Bu klubun adı ön sıralarda olmalıdır!
Mübariz Mənsimovun yaratdığı, pul ayırdığı klub bu ölkədə mümkün tittulların hər birini qazanıb. Azərbaycan çempionu olub, Kuboku qazanıb, superkuboku əldə edib. Amma təəssüf ki, indi bu klubun tarixə qovuşduğunu qeyd etməliyik. 
Kluba aid sadəcə, stadion və onun ərazisindəki obyektlər qalıb, bir də bu adı özündə birləşdirən uşaq komandaları.
Düzdür, bir neçə dəfə “Xəzər Lənkəran”ın elitaya qayıdacağı ilə bağlı söz-söhbətlər yayılıb. Hətta idarəçilər  “Xəzər Lənkəran” qayıdacağı təqdirdə, birbaşa elitada oynayacaq kimi sözləri var. Bu birbaşa onu göstərir ki, klubun yoxluğu açıq-aşkar hiss olunur. 
Bizdə olan yekun məlumata görə, “Xəzər Lənkəran” hazırda kölgəyə çəkilsə də, bunu birdəfəlik gediş kimi qələmə vermək olmaz. İşıq uclarından biri klubun adının qorunması ilə bağlı atılan addımlardır. Son vaxtlar maliyyə problemi yarandığı üçün legionerlərə xeyli borcu olan klubdan ali futbol qurumuna çoxsaylı şikayətlər ünvanlanmışdı. 
Şikayətlər cərimələrlə nəticələnəcəyi təqdirdə klub qayıdışında mütləq şəkildə adını dəyişməli idi. Amma rəhbərlik “Xəzər Lənkəran” adını qorumaq üçün müvafiq addımlar atıb. Məlumata görə, legionerlərə olan bütün borclar ödənilib. Sadəcə, hələ də Azərbaycanda çıxış edən Adrian Skarlatakenin borcu qalıb ki, bu da yaxın gələcəkdə yoluna qoyulacaq. Aparılan işlər ona ümid verir ki, gələcəkdə “Xəzər Lənkəran” adını yenə futbolumuzda görə bilərik. 

 /  28-12-2018, 14:48  /