“START” Festivalında bu gün start verilir.

  Noyabrın 14-dən Nizami Kino Mərkəzində IX "START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivala bu il 45 ölkədən 490 film göndərilib. Seçim komissiyasının qərarına əsasən, festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 qısametrajlı film yarışacaq.
Bu sözləri festivala həsr edilmiş mətbuat konfransında festivalın direktoru Fehruz Şamıyev deyib.

Onun sözlərinə görə, noyabrın 17-dək davam edəcək festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, "SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, "CinemaPlus” kinoteatrlar şəbəkəsi də təşkilatı dəstək qismində festivalda iştirak edəcəklər. Festival 35 yaşadək olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərin müsabiqəsi və nümayişini nəzərdə tutur. Kinoforumun proqramı beynəlxalq, yerli, "Cinemobil” müsabiqə bölmələri, pitçinq, ustad dərslərindən ibarət olacaq.

Festivalın münsiflər kürsüsündə Ayaz Salayev və Zəhra Bədəlbəyli (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran) və Tobias Büxner (Almaniya) yer alacaqlar.

Yerli müsabiqədə "Qızı nar” mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssis – Mirbala Səlimli, Cavid Təvəkkül və İlqar Fəhminin daxil olduğu münsiflər heyəti seçəcək. Festivalın proqramına daxil olan ən böyük tədbirlərdən biri isə dünya şöhrətli kinorejissor Cəfər Pənahinin "Üç üz” filminin Azərbaycan premyerası olacaq.

Bildirilib ki, ekran əsərləri Nizami Kino Mərkəzi, "CinemaPlus” kinoteraları şəbəkəsində nümayiş edilməklə saat 12.00-dan 16.00-dək izləniləcək. Ekran əsərləri Azərbaycan dilində subtitrlərlə göstəriləcək.

Bundan başqa, festival çərçivəsində 71-ci Beynəlxalq Kann Film Festivalında mükafat almış filmin ölkəmizdə premyerası da gerçəkləşəcək.

Beynəlxalq münsiflər heyətinin tərkibində iki yerli, üç əcnəbi kinematoqrafçı təmsil olunur. Həmçinin festival çərçivəsində müsabiqə proqramında filmləri nümayiş olunan 18 əcnəbi kinorejissor Bakının qonağı olacaqlar.

Festivalın qaliblərinə bu il ilk dəfə təsis olunan "Qızıl nar” mükafatı təqdim ediləcək.

 /  14-11-2018, 14:48  /  Baxış: 578