“Kiməsə görə adımızın qaralanmasını istəmirəm” – FOTOLAR » Showxeber.az


“Kiməsə görə adımızın qaralanmasını istəmirəm” – FOTOLAR

"Sinema güzeli" üçün ulduzlar Bakıya gəlir. Türkiyədə "Bonne Vie" jurnalının təşkil etdiyi sözügedən yarışmanın Bakıda baş tutacaq seçimləri ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə həmçinin, keçən ilki seçim turlarında iştirakçılardan pul alınaraq aldadılması məsələsinə aydınlıq gətirilib.

Showxəbər.Az xəbər verir ki, aparıcı-aktrisa Aysel Nazim layihə rəhbəri olduğu müsabiqə ilə bağlı media nümayəndələrini və məşhur simaları bir araya toplayıb. O, layihə barədə verilən sualları cavablandırıb:

“Belə bir layihənin rəhbəri olduğum və ölkəmizi təmsil etdiyim üçün çox qürurluyam. İlk seçim turumuz yanvar ayının 27-si baş tutacaq. Müsabiqədə 18-28 yaş arası oğlanlar və qızlar iştirak edə bilər. Bakı seçiminin jüriləri Zümrüd Qasımova, Rüfət Nəzər, Anar Heybətov, İlqar Əliyev, Rəşad Kəsəmənli, Gökhan Çoban, Çimnaz Sultanova və başqalarıdır.
Fevralın əvvəli isə Türkiyənin məşhur simaları Aleyna Solaker, Nesli Özsoy, Meral Konrat, Nuri Alco, Şenol İpek, Engin Çağlar və layihə rəhbəri Hakan Solaker Bakıya seçim etmək üçün gələcək. Onlar iki nəfəri seçərək Türkiyəyə aparacaqlar. Seçimlərdə qələbə qazanan finalçılar Türkiyədə, Osman Yağmurdereli Sənət Akademiyasında pulsuz aktyorluq təhsili almaq imkanı əldə edəcəklər. 
Onu da qeyd edim ki, seçim turlarına qatılmaq və ikinci tura qədər keçiriləcək dərslər, bir sözlə hər şey pulsuzdur. Biz heç kimdən pul tələb etmirik. Məqsədimiz aktyorluq qabiliyyəti olan gəncləri film dünyasına qazandırmaqdır”. 

Aysel Nazim daha sonra ötən il ölkəmizdə də seçim edilən və oxşar adlı layihə olduğu üçün “Sinema güzeli” ilə səhv salınan yarışmadan da danışıb:
"Ad oxşarlığı çaşqınlıq yaradır. Amma o layihə barədə müxtəlif ittihamlar var. Əməkdar artist Məlahət Abbasova da keçən ilki yarışma barədə ittihamlar səsləndirmişdi. Sonra bizə yazdı və xəbərdarlıq etdi. İnsanların aldadıldığını, yalan vədlərlə pulları alındığını bildirdi. Bizim layihə ilə o layihənin səhv salınması mənfi haldır. Peşəkarları bir araya yığdıq və hər şey ödənişsizdir. Kiməsə görə adımızın qaralanmasını istəmirəm. "Sinema güzeli"nin hüquqları məndədir və hər şey qanunladır. Əsas məqsədimiz iştirak edən gənclərin Türkiyəyə yolunu açmaqdır. Özünə güvənən hər kəsi yarışmada özünü sınamağa dəvət edirik".

Müsabiqənin münsiflərindən olan Rəşad Kəsəmənli çıxışında bildirib ki, bu vaxta qədər adına xələl gətirən heç bir işə imza atmayıb:
"Puldan və fırıldaqdan söhbət gedə bilməz. Bizə maraqlıdır ki, müsabiqədə seçilən gənc ölkəmizi yüksək səviyyədə təmsil etsin və Türkiyədə bu sahə üzrə uğurlar qazansın".

Aktyor Rüfət Nəzər seçim turundan söhbət açıb:
"Hər zaman istedadlı gənclərə yol açmağı özümüzə borc bilmişik. Əsas məqsədimiz budur. Aktyorluq qabiliyyəti və istedadı olan gəncləri gözləyirik. Ədalətli seçim olacaq. 27-si ilk seçim turuna qatılacaq iştirakçılar hazırlıqlı, hər hansı səhnəcik, aktyorluq qabiliyyətini nümayiş etdirəcək iş ilə gəlsələr, yaxşı olar. Çünki aktyorluq qabiliyyətlərini ön planda tutub seçim edəcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Məlahət Abbasova bu kimi müsabiqələri fırıldaqçılıq, pul tələsi adlandıraraq ötən il təşkil olunan "Sinemanın kral və kraliçesi" yarışmasının qaliblərinin ortada olmadığını bildirib. Vüsalə Səid isə ittihamlara cavab verməkdən imtina edib. 


Fotolar: Sübhan İsmayılov




   22-01-2019, 13:45  /