"Çelentanonun oxşarı Bakıda" - "CELENTANO Tribute Show" baş tutdu - Foto/Video » Showxeber.az


"Çelentanonun oxşarı Bakıda" - "CELENTANO Tribute Show" baş tutdu - Foto/Video

Ötən gün Heydər Əliyev adına Sarayda dünyaca məşhur "CELENTANO Tribute Show" baş tutub. Konsert proqramı dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyi münasibəti ilə keçirilib.

Showxəbər.Az xəbər verir ki, şou ilk dəfə Azərbaycanda tamaşaçılara təqdim olunub. Aktyor və müğənni kimi fəaliyyət göstərən Maurizio Schweizer, Adriano Celentanonun "rəsmi əkiz"-idir. Konserti izləyən tamaşaçılar onlar qarşılarında çıxış edənin Adriano Celentanonun özü olduğundan şübhə etməyiblər.

Paytaxt Bakıda ikinci dəfə qonaq olduğunu bildirən Schweizer konsert öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandırıb:

"Bu gün bəzi yerlərlə tanış oldum. Çox gözəl olduğunu deyə bilərəm. İtaliyada Neapol adlı şəhər var. Bakı ora eynilə bənzəyir. Musiqinizi dinlədim, gözəl mədəniyyətiniz var. Mətbəxinizin təamlarının dadına baxdım, çox bəyəndim. İtaliyada məni Çelentanonun karyerasının müxtəlif dönəmlərinə olduğu görkəmə bənzədirlər. Onun filmlərdəki geyimlərindən istifadə etmişəm. Bura gəlmədən öncə bir çox ölkələrdə çıxışlarım oldu. Çelentanonun özü ilə ara-sıra görüşürük. Onun vaxtı az olur. İtaliya televiziyaları üçün animasiyalar hazırlayır. Özü bilir ki, onun rəsmi pərəstişkarıyam. Hər yerdə onun konsertlərini təşkil edirəm. Bundan çox məmnundur". 

Baş tutan şou öz rəngarəngliyi ilə tamaşaçıların zövqünü oxşayıb. Səbəbkar səhnədə Çelentanonun kostyumlarının tam eynisindən istifadə edib.  Maurizio əfsanəvi əkizinin obrazının səsi və hərəkətlərini inanılmaz bacarıqla təkrarlayıb. O, Çelentanonun ən sevilən hitlərini bir-birinin ardınca səsləndirib.

Qeyd edək ki, “Celentano Tribute Show” dünyanın bir çox ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçılara inanılmaz anlar bəxş edir. Bunların sırasında ABŞ, Fransa, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Ukrayna, İspaniya və başqaları yer alır.

Showxəbər.Az tədbirdən olan foto və videonu təqdim edir:

Foto:Sübhan İsmayılov






   14-02-2019, 09:57  /