“O filmdən ilhamlanmamışıq” – “Qız qalası, Bir məhəbbət əfsanəsi” təqdim edildi – VİDEO » Showxeber.az


“O filmdən ilhamlanmamışıq” – “Qız qalası, Bir məhəbbət əfsanəsi” təqdim edildi – VİDEO

6 mart tarixində Nizami Kino Mərkəzində "Qız qalası, Bir Məhəbbət Əfsanəsi" filminin təqdimatı keçirilib.

Showxəbər.Az xəbər verir ki, İlham Qasımovun quruluşçu rejissoru olduğu komediya janrındakı filmdə əsas obrazları aktyorlar Elməddin Cəfərov, Ziya Ağa, Kəmalə Piriyeva, Tural Əzizov, Nicat Rəhimov, İranlı aktyor Reza Naji, müğənni Çinarə Məlikzadə canlandırıb.

Fimin mövzusuna gəlincə isə “Qız qalası” əfsanəsini xatırladan ekran işi iki gəncin macəra dolu sevgi hekayəsindən bəhs edir. Keçmiş dövrlə müasirliyin sintez olunduğu filmdə maraqlı səhnələr diqqət çəkir. Bir-birilərini sevən, lakin qovuşa bilməyən Tuncay və Aytəkin hadisələrin mərkəzində durur. Onlarının qovuşa bilməməsinin səbəbi isə Aytəkinin şah qızı, Tuncayın kasıb biri olmasıdır. O, gözlənilmədən min il sonrakı müasir Bakıda peyda olur. Sevdiyi qızı da elə burada tapır. Hadisələr də bundan sonra cərəyan etməyə başlayır.

Bir çox məşhur simaların qatıldığı təqdimat gecəsində ilk olaraq filmin yaradıcı heyəti qırmızı xalıdan keçid alıblar.

Daha sonra filmin rejissoru və aktyorları media nümayəndələrinin suallarını cavablandırıblar.

İlk olaraq, filmin quruluşçu rejissoru İlham Qasımov yeni işləri barədə məlumat verib:

“Bu filmi çəkməkdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu köməklik edib. "Sehrli xalat", "Bir qalanın sirri" filmlərini uşaqlıqdan izləmişik. Ancaq filmimizdə əhvalatımız tamamilə başqadır. Dünya kinosunda belə nümunələr çoxdur. O filmdən ilhamlanmamışıq”.  

İki obraza həyat verən Kəmalə Piriyeva yaratdığı obrazdan danışıb:

“Həm keçmişdə, həm də müasir dövrdə yaşayan, taleləri bir-birinə bənzər iki xanımın obrazını canlandırmışam. Çox isti olması bizə təsir etədi. Çətinliyin öhdəsindən gələ bildik".

Filmdə Şaman obrazının ifaçısı Elməddin Cəfərov ekran işindən razılığını bildirib:

“İlham Qasımovla çalışmaq çox xoş idi. Çətin film olsa da, bizi başa düşürdü. Süjet xətti çox maraqlıdır". 

Bildirək ki, təqdimat mərasimində filmdə Gülnar obrazını canlandıran, hazırda İstanbulda olan Çinarə Məlikzadə ilə görüntülü zənglə əlaqə yaradılıb. 

Qeyd edək ki, ekran işinin senari müəllifləri Tural Sevdimalı və İlham Qasımovdur.


Tural Hüseyn  
Foto/Video: Sübhan İsmayılov








   7-03-2019, 15:10  /