Hava kəskin dəyişir - qar geri qayıdır XƏBƏRDARLIQ

Temperatur 8 dərəcə enəcək, daşqınlar gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bakıda və Abşeron yarımadasında noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Noyabrın 29-u gündüzdən 30-u gündüzədək qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
 /  28-11-2018, 14:57  /  Baxış: 50