Bu gün Novruz bayramı qeyd olunur » Showxeber.az


Bu gün Novruz bayramı qeyd olunur

Bu gün Azərbaycanda milli bayramlarımızdan olan Novruz bayramı qeyd olunur.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır.

Novruz bayramının tarixi çox qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Bu bayram ölkəmizdə də böyük təntənə ilə keçirilir. Müxtəlif yerlərdə bayram tədbirləri təşkil olunur.

Qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Novruz bayramının qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq və s. adət-ənənələri var.

Bundan başqa, "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" kimi müxtəlif inanclar vardır.

Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Baharın Azərbaycana gəlməsi sabah Bakı vaxtı ilə saat 14:28 (Qrinviç vaxti ilə 10:28) radələrində baş verəcək. Bu gün gecə-gündüz bərabərliyi hesab edilir.

   20-03-2019, 12:04  /