Cavanşir Quliyev: “Hər yerindən duranın sözü ilə himnə müdaxilə edilməz"

Uzun müddətdir, himnimizin aranjiman olunması məsələsi gündəmdədir. Deputat Tahir Kərimli tərəfindən səsləndirilən bu fikir ətrafında müzakirələr hələ də davam edir.

Showxeber.az Axşam.az-a istinadən xəbər verir ki, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib ki, Azərbaycan Dövlət Himninin aranjimanı musiqiçilərin daxili-texniki məsələsidir, geniş kütlənin bilməsinə ehtiyac yoxdur:
“Hesab edirəm ki, himnimizin aranjiman edilməsinə ehtiyac yoxdur. Amma əgər ehtiyac duyularsa, aranjiman baş tuta bilər. Xatırlatmaq istəyirəm ki, cəmi 4 il əvvəl – Azərbaycanda keçirilən Avropa Oyunlarına hazırlıq mərhələsində himnimizin yeni orkestrləşdirilməsi edilib. Oyunlar zamanı məhz yeni versiya ifa olunurdu”.

Himnimizin uzun olması iddialarına gəlincə, Cavanşir Quliyev bunu təkzib edib:

“Hər yerindən duranın sözü ilə dövlətin himninə müdaxilə edilməz. Azərbaycan himni uzun deyil, siz də dinləyin və saata baxın, 2 dəqiqə 16 saniyədir. Məncə, dövlətinin himnini 2 dəqiqə dinləyə bilməyən adam bu ölkənin vətəndaşı olmağa layiq deyil”.
Qeyd edək ki, parlament  “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanunu 1992-ci il mayın 27-də qəbul edib. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənib. Hazırkı himnimiz 1989 və 2014-cü illərdə iki dəfə aranjiman olunub. 4 ildir ifa etdiyimiz Dövlət Himni qeyd edildiyi kimi, 2 dəqiqə 16 saniyədir.

 /  24-12-2018, 11:50  /