Xocalı faciəsindən 27 il keçir - FOTO/VİDEO » Showxeber.az


Xocalı faciəsindən 27 il keçir - FOTO/VİDEO

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiliyinin nümunəsi -Xocalı soyqırımından 27 il ötür.

Showxəbər.Az xəbər verir ki, erməni işğalçıları tərəfindən və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı soyqırım törədilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Erməni silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri qətl ediblər. 

Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) çox ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.


Bu gün Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak edərək faciə qurbanlarının xatirəsini yad ediblər. Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaArzu Əliyeva abidənin önünə tər güllər qoyublar.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.


Yürüş iştirakçıları 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutublar.
Yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer" və s. çağırışlar və şüarlar nümayiş olunur.

Qeyd edək ki, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının bəşər tarixinin ən qanlı cinayətlərdən biridir.



















   26-02-2019, 13:30  /