16.12.2022 - 82 - Maqazin
Məlum olduğu kimi, Fövqəladə Hallar Nazirliyinin dünən Dövlət Yanğın Nəzarəti Xidmətinin Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 3 ünvanında yerləşən “Aventus” kişi geyimləri mağazasında keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 3 ünvanında yerləşən “Aventus” kişi geyimləri mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
SOWXEBER.AZ xəbər verir ki, Bakının mərkəzində yerləşən bahalı “Aventus” kişi geyimləri mağazası Hacı Rafiq kimi tanınan iş adamına məxsusdur. Hacı Rafiq müğənni Şəbnəm Tovuzlunun həyat yoldaşı kimi daha çox tanınıb.
Qeyd edək ki, Hacı Rafiqin bir neçə belə bahalı geyim mağazaları və obyektləri var. Həmin obyektlərdə də yoxlama keçirilib-keçirilmədiyi barədə məlumat yoxdur. (Manset.az)