17.01.2023 - 70 - Maqazin
Müğənni Rəşad Nəcəfli aktyor Bəhram Bağırzadənin rayonlularla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Rəşad Nəcəfli deyib ki, onun rayonlu və şəhərlilər arasında fərqlər qoyması gündəmə gəlmək məqsədi daşıyır. Özünün Naxçıvandan gəlib Bakıda yaşadığını deyən Rəşad Nəcəfli bildirib ki, bu tipli söhbətlər Azərbaycan xalqının birliyinə xələl gətirir:
"Hamımız azərbaycanlıyıq. Nə şəhərli, nə kəndli? Vətən Müharibəsində şəhərli, rayonlu demədən hamı bir olub Qarabağı azad etdi. Döyüşlərdə həm şəhərlilər, həm də rayonlular şəhid oldu. Ona görə də belə fərq qoymaq sənətkara yaraşmaz".
Sənətçi vurğulayıb ki, hər kəs cəmiyyətdə ailə tərbiyəsini nümayiş etdirir: "Harada böyüməyin nə fərqi var? Şəhərdə böyüyən elə insan var ki, heç özünü apara bilmir. Tərbiyyənin, cəmiyyətdə özünü aparmağın kəndə və şəhərə dəxli yoxdur. Bu məsələlər uşaqlıqdan, ailə tərbiyyəsindən formalaşır. Əminəm ki, aktyor Bəhram Bağırzadə də bunları bilir. Amma nədənsə, bilməmiş kimi davranır və böyük tənqidlərə tuş gəlir".
Rəşad Nəcəfli deyib ki, Bəhram Bağırzadə bu tipli çıxışları ilə cəmiyyətin hiddətini qazanır və insanların gözündən düşür: "O on illərdir yığdığı hörməti bir-iki günə itirməyi bacardı".