9.09.2024 - 90 - Maqazin
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 182.3.2-ci və digər maddələri ilə təqsirləndirilən şəxs Ziya Hikmət oğlu Hüseynzadənin məhkəmə prosesinin növbəti iclası keçirilib.
Məhkəmənin bu yerində zərərçəkənin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı şifahi vəsatət verdi. Təqsirləndirilən şəxs, onun vəkilləri və dövlət ittihamçısı məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar verməyi məhkəmənin mülahizəsinə buraxdılar. Hakim Siyavuş Hacıyev vəkilin vəsatətini qəbul edərək iclası qapalı keçirdi.
İttiham aktına görə, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətdə olduğu Raziyyat Əliyeva kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə də həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.
Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.
Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.
Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mercedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.